ALMANİYADA TƏHSİL SİSTEMİ

Almaniya ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya mövcuddur.  Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddur.

 

 

Məktəbəqədər təhsil 

 Almaniyada uşaqların məktəbəqədər təhsili icbari təhsil sisteminə daxil olmadığından məcburi deyil. Yalnız zəif inkişaf etmiş azyaşlı uşaqların təhsili istisnadır. Belə ki, məktəbə yeni gedən uşaq hər hansı səbəbə görə öz yaşıdlarından geri qalırsa, o zaman xüsusi məktəbəqədər siniflərdə (vorklassen) və ya məktəbdaxili uşaq bağçalarında (schulkindergarten) birinci sinfə hazırlıq kursu keçir. Uşaq bağçalarının (kindergarten) təqribən 20 faizi dövlətin, qalan 80 faizi isə kilsənin, xeyriyyə cəmiyyətlərinin və yerli hakimiyyət orqanlarının (bələdiyyələrin) himayəsindədir. Bundan əlavə, uşaq bağçaları müəssisə və təşkilatlar tərəfindən də yaradıla bilər.

Bağçalara 3 yaşından 6 yaşadək uşaqlar qəbul edilir. Uşaqların bağçalarda saxlanılması xərcləri yerli hakimiyyət orqanları, məktəbəqədər təhsil müəssisəsi və valideynlər tərəfindən ödənilir. Valideynlərin xərcləri ailənin gəlirindən, ailə üzvlərinin və ya ailədəki uşaqların sayından asılıdır.

 

Orta təhsil  

 Almaniyada bütün uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən, uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə - əsas məktəb, real məktəb və gimnaziyaya daxil olurlar. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər. Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir.

Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili torpaqların səlahiyyətinə daxildir. Məktəb siyasəti isə təhsil və mədəniyyət nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir.

 

Peşə təhsili  

 Almaniyada peşə təhsili sahəsində dual sistem geniş yayılıb. Bu sistemin təməlində nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqəsi prinsipi dayanır. Burada tərəflərdən biri peşə məktəbi, digəri isə təlim müəssisəsidir.

Gənclərin təxminən yarısı məktəbdən sonra dual sistem çərçivəsində dövlət tərəfindən tanınmış 350 rəsmi peşədən birinə yiyələnir. Peşə təhsili orta məktəblərdə tədris olunan təhsildən fərqlənir. Peşə təhsilinə yiyələnənlərə həftədə 3-4 gün müəssisələrdə təcrübə keçilir və bir-iki gün isə peşə məktəbində nəzəri biliklər verilir. Təhsil müddəti 2 ildən 3,5 ilə qədərdir.

Texniki peşə təhsili bu məktəblərdə təhsil xərclərini öz üzərinə götürən dövlət və müvafiq müəssisələr tərəfindən şagirdlərə ayrılan pul mükafatları hesabına maliyyələşdirilir. Hazırda 500 mindən çox müəssisə və dövlət xidməti sistemi gənclərin peşə təhsilinə yiyələnmələri ilə məşğuldur. Şagird yerlərinin 80 faizdən çoxunu kiçik və orta şirkətlər təqdim edirlər. Dual sistemin sayəsində Almaniyada peşəsi və ya müəssisələrdə şagirdlik yeri olmayan gənclərin sayı o qədər də çox deyil. Bu ölkədə 15-19 yaşındakı gənclər arasında bu göstərici cəmi 4,2 faiz təşkil edir. Nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi peşəkarların və fəhlələrin yüksək ixtisasa yiyələnmələrini təmin edir. Peşə təhsili usta olmaq imkanı verən karyeranın başlanğıcı hesab edilir. Peşə təhsilinin səviyyəsinin artırılması üzrə həyata keçirilən müxtəlif tədbirlər universitetlərdə magistr dərəcəsi almaq imkanı da yaradır. 

Almaniyada verilən elmi dərəcələr digər Avropa ölkələrindən bir qədər fərqlidir. Ali məktəblərin riyaziyyat, təbiət elmləri, iqtisadiyyat və sosiologiya fakültələrinin məzunları ali təhsil haqqında dövlət diplomu alırlar. Humanitar fakültənin tələbələrinə təhsillərini bitirdikdən sonra, adətən, magistr (magister artium) dərəcəsi verilir. Bundan sonra aspiranturaya (promotion) daxil olaraq doktorluq dərəcəsi (doktor) almaq mümkündür. 2010-cu ildən Almaniya universitetlərinin fakültələri əsasən bakalavr və magistr dərəcələri (beynəlxalq nümunəli) almaq imkanı verən təhsil sisteminə keçməyə başlayıblar. Bu, Avropa dövlətlərinin qoşulduqları Boloniya prosesinə uyğundur.

Almaniyada ali təhsil müəssisələrinə qəbulun ümumi standartları müəyyən edilib. Belə ki, universitetə daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə əsas və ya real məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas götürülür. Abitur diplomu ilə təsdiqlənmiş təhsil standartlarına uyğunluq, adətən, universitetə imtahansız qəbul olmaq imkanı verir.

Almaniya ali təhsilinin əsas prinsipi "akademik sərbəstlik" sistemidir. Bu sistem hər bir  tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını müəyyənləşdirmək imkanı yaradır. Almaniyanın ali təhsili təlim prosesi ilə elmi tədqiqatların birləşdirilməsini də nəzərdə tutur. Belə ki, universitetlərdə hər semestr mühazirə (14-20 həftə) və qeyri-mühazirə dövrlərindən ibarətdir. Qeyri-mühazirə dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.

Ali təhsilin ilk pilləsi baza dövrüdür (grundstudium). Bu pillədə təhsil adətən dörd semestrdir (iki tədris ili) və aralıq imtahanlarının (diplom - vorprüfung, zwischenprüfung) verilməsi ilə başa çatır. Bu imtahanları uğurla verən tələbələr ikinci pillədə (hauptstudium) təhsilini davam etdirmək hüququ qazanırlar. Bu pillədə təhsil daha beş semestr davam edir və ixtisasın daha dərindən öyrənilməsini nəzərdə tutur. O, adətən, buraxılış imtahanı ilə başa çatır. Bir sıra ixtisasların (pedaqogika, tibb, hüquq) məzunları buraxılış imtahanı qismində dövlət imtahanı (staatsexamen) verirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, ikinci pillənin yekunlarına əsasən universitetlər daha çox bakalavr (bachelor) dərəcəsi verirlər. Bunun üçün universitetdə 3-4 il ərzində təhsil almaq zəruridir. Bundan sonra məzunlar, adətən, peşəkar fəaliyyətə başlayırlar. Magistr (Master) dərəcəsi namizədin verdiyi magistr imtahanları əsasında təqdim olunur. Təlim kursu iki əsas ixtisası və ya bir əsas və iki əlavə ixtisası əhatə edir. Universitetlərin əksəriyyətində magistr dərəcəsi yeni tətbiq olunmağa başlayıb. Yaxın gələcəkdə magistraturanı bitirənlərə verilən sənədin, diplomu tamamilə əvəz edəcəyi nəzərdə tutulub.

Ali təhsilin üçüncü pilləsi aspiranturadır (promotion). Doktorluq dərəcəsinin alınması məqsədilə dissertasiya hazırlığı yalnız universitetlər tərəfindən həyata keçirilir. Elmi tədqiqatın aparılması ilə əlaqədar dissertasiyanın hazırlanması magistr dərəcəsi alandan sonra 2-4 il ərzində davam edir. Dissertasiyanın yazılmasının və şifahi imtahanın uğurla verilməsinin nəticələrinə əsasən doktorluq dərəcəsi verilir.

Son illərə qədər Almaniyada ali təhsil yalnız dövlət tərəfindən maliyyələşdirilirdi. 2007-ci ildən etibarən Baden-Vürtemberq, Bavariya, Hamburq, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya torpaqları birinci semestrdən etibarən universitetlərdə ödənişli təhsil tətbiq etməyə başlayıblar. Məbləğ əsasən bir semestr üçün 500 avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi məqsədilə bu torpaqlar dövlət zəmanəti ilə kredit də təklif edirlər. Berlin, Branderburq, Meklenburq - Ön Pomeraniya və Şlezviq - Qolşteyndə isə bütün ödənişlər inzibati (50-60 avro) və ya sosial semestr ödənişləri (40 avrodan 180 avroyadək) ilə məhdudlaşdırılır. Burada əlavə təhsil (Regelstudienzeit), yəni 5 ildən artıq alınan təhsil, eləcə də könüllü dinləyicilər (məsələn, təhsil almaq istəyən təqaüdçülər) və ikinci təhsil alanlar (əsasən iqtisadiyyat ixtisasları) üçün ödənişlər geniş yayılıb. Bütün bu təhsil məbləğləri isə semestr üçün 800 avro təşkil edir.

Bundan əlavə, dərsliklərə çəkilən xərclər bir semestr ərzində təqribən 200 avro və tibbi sığorta haqqı isə bir semestr üçün 280 avro məğləğində (qiymətlər tədris ilinə görə dəyişə bilər) müəyyən edilib.

Ölkənin özəl təhsil müəssisələri uzun müddətdir təhsili ödənişli əsaslarla həyata keçirirlər. Məsələn, ingilis dilində magistr proqramları il ərzində 4-15 min avroya və daha artıq məbləğə başa gəlir.